Kamil Hüseynov Baku Electronics-in növbəti rəhbər heyəti üçün təlimində qonaq spiker kimi çıxış edib.

19 oktyabr tarixində Human Development Center və Toğrul Ələkbərovun dəvəti ilə Baku Electronics-də növbəti rəhbər heyəti üçün keçirilən təlimin qonaq spikeri oldum.Bu təlimdə çox dinamik bir sual-cavab sessiyamız oldu və idarəçilərdən olduqca maraqlı, aktual suallar səsləndi. Sessiyadan önə çıxan əsas məqamları və tövsiyələrimi bölüşürəm:

Liderin ən böyük səhvi nə ola bilər? Etika səhvi. Çünki liderlik yüksək etikadan başlayır. Bu mövzuda liderlik mütəxəssisi Con Maksvellin Liderliyin 21 təkzibolunmaz qanunu (The 21 Irrefutable Laws of Leadership) kitabındakı Bərk zəmin qanununu nümunə göstərə bilərik. Maksvell qeyd edir ki, etibar və etika liderliyin təməlidir. Lider etik addımları ilə etibar qazanır; etika səhvi etdikdə isə bu zəmin çökür və o, təsir gücünü tamamilə itirir.

Liderin nə səviyyədə EQOsu olmalıdır? Bu məqamda auditoriyaya qəti tövsiyəm oldu: EGO – 0 olmalıdır! Rayan Holidayin dünyaca məşhur Eqo düşməndir (Ego is the Enemy) kitabında qeyd olunduğu kimi, eqo bizim öyrənməyimizə, düzgün qərarlar almağımıza və komandamızla sağlam bağlar qurmağımıza mane olan ən böyük daxili düşməndir. Müasir idarəçilikdə eqonu tamamilə kənara qoyub, bütün ambisiyanı komandanın və işin uğuruna yönəltmək şərtdir.

Liderin ən yüksək bacarıqları hansılardır? Burada Tom Pitersin Совершенство сейчас: Как гуманный менеджмент делает бизнес сильнее (Excellence Now: Extreme Humanism) kitabındakı mükəmməl tezisləri çatdırdım:
Qayğı: Menecment insanlara sadəcə resurs kimi baxmaq deyil; işçilərə göstərilən səmimi qayğı və empatiya biznesi daha güclü edir.
Aktiv Dinləmə Bacarığı: Ən yaxşı liderlər ən çox danışanlar deyil, komandasını dərindən və diqqətlə dinləməyi bacaranlardır.
İnsanların İnkişafına Yatırım: Liderin əsas vəzifəsi tabeliyində olan şəxslərin böyüməsinə, öyrənməsinə və uğur qazanmasına şərait yaratmaqdır.
Mükəmməlliyə Kiçik Addımlarla Çatmaq: Böyük uğurlar gündəlik, kiçik və insani toxunuşların keyfiyyətindən asılıdır. İndi və bu an göstərilən xoş rəftar ən böyük strategiyadır.

Dəvət və bu səmimi, maraqlı müzakirə üçün Toğrul Ələkbərova və Human Development Center komandaya təşəkkür edirəm!